Türkiyə Respublikası Ali Məhkəməsinin sədri və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.

2016 04 20 TAMAprelin 20-də Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları salamlayan Ali Məclisin Sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Naxçıvanın muxtariyyət tarixi, dövlət quruluşu, əhalisi, sərhədləri və sosial-iqtisadi inkişafı haqqında məlumat verən Ali Məclisin Sədri demişdir ki, Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan qorunub saxlanılmış və ölkəmizin hərtərəfli inkişafının əsası qoyulmuşdur. Hazırda Azərbaycan Prezidenti tərəfindən bu yol uğurla davam etdirilir, Naxçıvanın təhlükəsizliyinə və inkişafına xüsusi diqqət yetirilir.

Ali Məclisin Sədri Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin muxtar respublikaya səfərinin də əlaqələrin inkişafı baxımından faydalı olacağına əminliyini ifadə etmişdir.

Nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edən Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Azərbaycana səfəri müddətində bir sıra görüşlər keçirdiyini bildirmişdir. Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə müşahidə olunan inkişafın məmnunluq doğurduğunu bildirən qonaq qeyd etmişdir ki, məhkəmə-hüquq sistemində qarşılıqlı fəaliyyətin genişləndirilməsi əməkdaşlıq üçün yeni imkanlar açacaqdır.

Görüşdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov iştirak etmişlər.

Sonra Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikanın tarixi-memarlıq abidələri, muzeyləri, görməli yerləri ilə tanış olmuşdur.

Türkiyəli qonaqlar əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etmişlər. Qonaqlar muzeydə ümummilli liderin həyatının müxtəlif dövrlərini əks etdirən stendlərə, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid rəsmi sənəd və materiallara, məktublara, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətlərinə, ulu öndərə məxsus şəxsi əşyalara baxmışlar.

Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Əcəmi seyrəngahında yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və  Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq qonaqların böyük marağına səbəb olmuşdur.

Ölkələrimiz arasında hüquq mühafizə orqanları sahəsində əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcəkdir.