Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrasına həsr olunmuş iclasında iştirak etmişdir.

2015-ci il noyabr ayının 14-də Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışı zamanı keçirilmiş müşavirədə verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrasına həsr olunmuş geniş iclası keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov iclasda iştirak etmişdir.

İclasda Şuranın sədri, Ədliyyə Naziri Fikrət Məmmədov geniş məruzə ilə çıxış edərək ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş köklü islahatların ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı həyata keçirilən mütərəqqi tədbirlər və onların müsbət nəticələrini vurğulamışdır. Dövlət başçısının Şəki Məhkəmə Kompleksinin açılışında məhkəmə fəaliyyətinin səmərəliliyinin artıırılması üzrə konkret tapşırıqları və qarşıda qoyduğu mühüm vəzifələr, o cümlədən korrupsiya ilə barışmaz mübarizə aparılması, şəffaflığın artırılması, məhkəmə qərarlarının ədalətliliyi, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması və insanlara qayğılı münasibət göstərilməsi ilə bağlı tələbləri diqqətə çatdırılmışdır.

İclasda çıxış edən Şuranın üzvü, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ölkə başçısı cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına böyük önəm verdiyini, korrupsiya ilə mübarizədə hakimlərin, ədliyyə və prokurorluq işçilərinin üzərlərinə düşən mühüm vəzifələri qeyd etmişdir.

İclasda həmçinin Ali Məhkəmənin sədri Ramiz Rzayev və Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov çıxış etmişdir.

Sonra tədbir öz işini “Məhkəmə təcrübəsi məsələləri” mövzusunda seminarla davam etdirmişdir. Seminardan sonra tədbir iştirakçıları bu ərəfədə dövlət başçısı tərəfindən açılışı keçirilmiş Sabuncu Məhkəmə Kompleksinə gedərək, yaradılmış yüksək şərait və elektron idarəetmə sistemləri ilə tanış olmuşlar.