Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Məhkəmə-Hüquq Şurasının 10 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir

May ayının 22-də Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyinə həsr olunmuş "Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov konfransda iştirak etmək üçün Bakı şəhərində olmuşdur.

Konfransı açan Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov məruzə ilə çıxış edərək təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə islahatının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini bildirmiş, ölkə başçısının məhkəmə sisteminin müasirləşdirilməsinə dair tapşırıqlarının icrası üzrə əldə edilmiş nailiyyətləri, məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin və tədrisinin təşkili, onların fəaliyyətinin prinsipial qiymətləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üzrə ardıcıl tədbirlərə toxunmuşdur.

Prezident Admnistrasiyası hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş Prokuror Zakir Qaralov, Milli Məclisin sədr müavini Bahar xanım Muradova çıxış edərək ölkəmizdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə həyata keçirilən islahatlar və qarşıda duran vəzifələri qeyd etmişlər.

Həmçinin tədbirdə Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti İrakli Adeişvili, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri Ganna Yudkivska, Dmitri Dedov, Xanlar Hacıyev, Türkiyə Ədliyyə Akademiyasının prorektoru Mustafa Artuç çıxış etmişdir.

Konfransdan sonra qonaqların iştirakı ilə Məhkəmə-Hüquq Şurasında ədalət mühakiməsinin tarixinə və ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sistemimizin yaradılmasında roluna həsr olunmuş Muzeyin açılışı olmuşdur.