Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Dövlət Universitetində növbəti tədbiri keçirilib

Aprel ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamlarının icrası məqsədilə Naxçıvan Dövlət Universitetində növbəti maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə universitetin Sosial idarəetmə və Hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Qərib Allahverdiyev açaraq tədbirin məqsədi və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, muxtar respublikada təhsilin inkişafına, hüquqşünas kadrların hazırlanmasına, onların iş yerləri ilə təmin olunmasına böyük qayğı göstərilir və innovativ inkişafa dayanan təhsil siyasəti həyata keçirilir. Təhsilin inkişafına dair yeni fərman və sərəncamlar imzalanır, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına, qarşılıqlı və çoxşaxəli fəaliyyət planlarının hazırlanmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına səbəb olmuşdur. Ötən dövrdə hamiliklə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ilə birlikdə kompleks tədbirlər, seminar və konfranslar, təcrübələr həyata keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əhliman Xıdırov və Mehman Allahverdiyev “Mülki prosesdə sübutlar” və “Nikah müqaviləsi” mövzuları ilə bağlı tələbələr qarşısında çıxış edərək onları maraqlandıran suallara cavab veriblər və məhkəmə təcrübələrini onlarla bölüşüblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri Əjdər Əliyev çıxış edərək bildirmişdir ki, ali və orta ixtisas məktəblərindəki ixtisasların hamiliyə verilməsi kadr potensialının dəstəklənməsi ilə yanaşı, həm də gənclərin istedadlarının üzə çıxarılması, ideyalarının diqqətə alınması və ilkin startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addım olmuşdur. Ali Məclis Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi qaydası” yeni redaksiyada təsdiq edilib. Bundan başqa, sərəncamda “İdeyadan başlanğıca” devizi altında hamiliyə verilən təhsil müəssisələri tərəfindən hami təşkilatlarla birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların həyata keçirilməsi, hami təşkilatlarda layihələrin dəyərləndirilməsini həyata keçirən ekspert qrupları və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılması, həmin layihələrin – startapların qəbulunun və təqdimatlarının keçirilməsinin təmin edilməsi qərara alınıb. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi də fəaliyyətini davam etdirəcəkdir.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.