“Hüquq günləri” layihəsi həyata keçirilib

23.11.2018 Ali mekeme hamilik

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq 19-23 noyabr tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Hüquq günləri” adlı layihə həyata keçirilib. Layihə 5 gün davam edib, bu müddətdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri və işçiləri tərəfindən Naxçıvan Dövlət Universitetinin Sosial idarə­etmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə müxtəlif mövzularda seminarlar keçirilib, hüquqi debat təşkil olunub. Onların Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində keçirilən məhkəmə proseslərində iştirakları təmin olunub və layihənin sonunda tələbələrə səhnələşdirilmiş məhkəmə formatında təlim keçirilib.

Layihənin son günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tələbələrlə görüşüb. O, görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi islahatların tərkib hissəsi kimi hüquq-­mühafizə orqanlarında çalışacaq yüksək peşəkarlığa malik, layiqli və humanist kadrların formalaşdırılmasının vacibliyini vurğulayıb. Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının gələcəyin peşəkar, yüksək səriştəli kadrlarının yetişdirilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biri olduğunu bildirib.

Ali Məhkəmənin sədri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb, fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.