Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi –  90

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi uzun və şərəfli bir tarixi inkişaf yolu keçmişdir. Bu yol Naxçıvan Muxtar Respubli­ka­sının, bütövlükdə isə Azərbaycanın hüquq tarixi ilə bağlı olub ölkəmizin və muxtar respublikamızın keçdiyi çox mürəkkəb və əlamətdar tarixi hadisələrlə zəngin bir dövrünü özündə təcəssüm etdirir.

Tarixi mənbələrə əsasən demək olar ki, Naxçıvan MSSR-də Azərbaycan SSR Ali Məhkəməsinin bölməsi Azərbaycan SSR Mərkəzi  İcraiyyə Komitəsi Rəyasət Heyətinin 3 oktyabr 1925-ci il tarixli qanunu ilə yaradılmışdır. Bu məhkəmənin təsis edil­məsi və səlahiyyətinə daxil olan məsələlərin dairəsi onu Naxçıvan Muxtar Respublikası  Ali Məhkəməsinin “sələfi” kimi qiymətləndir­məyə və beləliklə, Ali Məhkəmənin yaranma tarixi olaraq məhz 1925-ci il 3 oktyabr tarixini qəbul etməyə əsas verir.

1934-cü ildən Naxçıvan MSSR Baş Məhkəməsi, 1937-ci ildən isə Naxçıvan MSSR Ali Məhkəməsi adlandırılan bu məhkəmə sonrakı dövrlərdə ciddi struktur dəyişikliyinə uğramamış və ona aid edilmiş işlərə birinci və yuxarı instansiya məhkəməsi qismində baxmaq, habelə fəaliyyəti dairəsində olan məhkəmələr üzərində məhkəmə nəzarətini həyata keçirmək funksi­ya­la­­rına malik olmuşdur.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı Azərbaycan SSR-in məhkəmə orqanları sisteminin statusunu tənzimləyən qanunvericiliyin də dəyişdirilməsi zərurəti yaranmış, nəticədə 1981-ci ilin iyun ayının 16-da “Azərbaycan  SSR-də məhkəmə quruluşu haqqında” yeni Qanun qəbul olunmuşdur. Həmin qanunda Naxçıvan MSSR Ali Məhkəməsinin səlahiyyətləri daha da genişləndirilmişdir. 26 iyun 1990-cı il tarixdə “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında” Qanun qəbul edilmiş və bu Qanunla 1981-ci il tarixli qanunda təsbit edilən qaydalar daha da təkmilləşdirilmişdir.

1990-cı ilin əvvəllərindən başlayaraq SSRİ-də, o cüm­lədən Azərbaycan­da cərəyan edən hadisələr, ən başlıcası 18 oktyabr 1991-ci ildə Azər­baycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi məhkəmə quru­luşunun, ədalət mühakiməsi qaydalarının köklü şəkildə dəyişdirilməsi və məhkəmələrin müstəqilliyinin təmin edilməsi zərurətini ortaya çıxarmış, lakin həmin dövrdə digər sahələrdə olduğu kimi məhkəmə orqanları sistemin­də də aparılan dəyişiklikləryetərli olmamışdır.

Yalnız 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi məh­kəmə hakimiyyəti sahəsində də köklü islahatların bünövrəsi qoyulmuşdur. Demokratik dövlət quruculuğunun əsas hədəflərini müəyyən edən Ulu öndər demişdir: “Biz hüquqi dövləti, demokratik dövləti yaradırıq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların  keçirilməsi, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”. Məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk milli Kons­titusiyasında dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə hakimiyyəti qollarına ay­rılmış, Azərbaycan  Respub­likasında məhkəmə hakimiyyətinin ədalət mühaki­məsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçiril­məsi müəyyən olunmuşdur.

Azərbaycan Respublikasında ədalət mühakiməsinin qabaqcıl təcrübə əsasında həyata keçirilməsinin təmin edilməsi və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi məqsədi ilə 10 iyun 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Həmin qanunun 10-cu fəsli Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin statusunun tənzimlənməsinə həsr olunmuşdur.

Konstitusiyasının qəbulundan ötən qısa müddət ərzində Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hazır­lanaraq qəbul olunmuş, 8 yanvar 1999-cu il tarixdən qüvvəyə minmişdir. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbulu muxtar respublikanın ictimai-siyasi həyatında mühüm əlamətdar hadisəyə çevrilmiş, muxtar respublikada dövlət idarəetməsinin təşkilinin mükəmməl hüquqi bazasını yaratmışdır. Bu konstitusiyanın məhkəmə hakimiyyətinə həsr olunmuş 4-cü fəslində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı kimi təsis edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin statusu ilə bağlı özünəməxsus xüsusiyyətlərdən biri onun konstitusiya nəzarətini həyata keçirməsi ilə bağlıdır. Konstitusiyaya görə Ali Məhkəmə Naxçıvan Muxtar Respublikasının ərazisində apelyasiya qaydasında ədalət mühakiməsini həyata keçirməklə yanaşı, konstitusiya nəzarətini də təmin edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünün yoxlanılaraq təsdiq edilməsi, muxtar respublikanın qanunvericilik aktları arasında uyğunluq məsələlərinin həll edilməsi, məhkəmələr tərəfindən insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası qanunlarının şərh edilməsi haqqında müraciətlərə baxılması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin konstitusiya nəzarəti orqanı kimi səlahiyyətlərinə daxildir.

Ölkəmizdə mövcud olan davamlı sosial-iqtisadi inkişaf tendensiyası, ictimai həyatın müxtəlif sahələrini əhatə edən yeniliklər məhkəmə sisteminin də təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır.

Ulu öndərin dövlətçilik konspesiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhkəmələrin çıxardığı qərarların taleyüklü əhəmiyyətini vurğulayaraq demişdir: “Ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə, məhkəmə sistemində. Çünki məhkəmələrdə qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir”.

Hazırda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məhkəmə sisteminin inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində çoxşaxəli islahatlar həyata keçirilməkdədir. Belə ki, Azərbaycan Respublika­sı Prezidentinin məhkəmə hakimiyyətinin müasirləşdirilməsinə həsr olunan 19 yanvar 2006-cı il tarixli fərmanı məhkə­mə islahatlarının növbəti mərhələyə qədəm qoymasına böyük təkan vermiş­dir. Bu mərhələdə vətəndaşların hüquq institutlarına olan tələbatının daha keyfiy­yətlə təmin olunması üçün ölkəmizdə yeni apellyasiya məhkəmələri yara­dılmışdır. Məhkəmə sisteminin təkmilləş­diril­­məsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul və 9 avqust tarixli fərmanları ilə regionlarda Ağır Cinayətlər və İnzibati-İqtisadi məhkəmələr yaradılmış, ölkədə fəaliyyət göstərən apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi və hərbi məhkə­mələrin ərazi yurisdiksiyası müəyyənləşdirilmişdir. Həyata keçirilən məhkəmə-hüquq islahat­ları ölkəmizin digər regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında da fəaliyyət gös­tərən məhkəmə orqanlarını əhatə etmişdir. Bu fərmanların qəbulundan sonra Naxçıvan Muxtar Res­publika­sının Ali Məhkəməsinin Ağır Cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyası ləğv olunaraq ağır və xüsusilə ağır cinayətlərə baxmaq səlahiyyəti yeni yaradılmış Naxçıvan Muxtar Respubli­kasının Ağır Cinayət­lər Məhkəməsinə verilmişdir. Eyni zamanda Ali Məhkəmədə daha iki kollegiya-iqtisadi mübahisələrə dair işlər üzrə və hərbi məhkəmələrin işləri üzrə kollegiyalar fəaliyyətə başlamış, muxtar respublikada fəaliyyət göstərən bütün rayon (şəhər) və ixtisaslaşdırılmış məhkəmələrin hökm və qərarlarından apellyasiya şikayəti və protestlərinə baxılması səlahiyyəti Naxçıvan Muxtar Respubli­kasının Ali Məhkəməsinə verilmişdir.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil olunmasında “Naxçıvan Mux­­tar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanı son dərəcə mühüm əhə­miyyətə malikdir. Fərmanın qəbulundan sоnra ötən müddət ərzində Naхçıvan Muхtar Rеspublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində muхtar rеspublikanın hüquq institutlarının inkişaf еtdiril­məsi, məhkəmə haki­miyyəti оrqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, оnların maddi-tехniki bazasının möhkəmlən­dirilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Hüquq institutlarının inkişaf etdirilməsi və məhkəmə orqanlarının maddi-texniki bazasının möhkəmələndirilməsi istiqamətində muxtar respub­likada fəaliyyət göstərən məhkəmələr üçün müasir tələblərə cavab vеrən in­zibati binaların tikilməsi хüsusi yеr tutur.

Müqayisə üçün bir faktı qeyd edək ki, 1995-ci ilədək muxtar respublikada məhkəmə orqanlarının inzibati binaları nəinki istifadə üçün yararsız halda idi, bu binalar həmin dövrlərdə hətta məhkəmələrin balansında belə deyildi. Hazırda isə muxtar respublikamızda fəaliyyət göstərən bütün məhkəmə orqanları üçün qabaqcıl meyarları özündə ehtiva edən, həm memarlıq, həm də daxili tərtibat və dizayn baxımından ədalət mühakiməsinin özünəməxsus xüsusiyyətlərini əks etdirən inzibati binalar inşa edilib istifadəyə verilmişdir.

Bu məhkəmə binalarının açılış məra­simlər­ində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbоv iştirak etmiş, yaradılan şəraitdən daha səmərəli istifadə еdilməsi, hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi, qanunvericilik aktlarının daha dərindən mənimsənilməsi ilə bağlı hakimlərə və məhkəmə aparatı işçilərinə mühüm tövsiyələr vеrmişdir. Ali Məclisin Sədri bildirmişdir ki, vətəndaşlara hüquq və vəzifə­lərinin izah edilməsi, məhkəmə prosesində ədalətli qərarların qəbul edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır”.

Məhkəmə hakimiyyətinə göstərilən diqqət və qayğının digər bir təzahürü muxtar respublikada məhkəmə hakimiyyəti orqanlarının hakim korpusunun formalaşdı­rıl­masında müşahidə olunmaqdadır. Belə ki, hakimlərin seçilməsinin Avropada ən mütərəqqi və şəffaf qaydaları tətbiq edilərək müasir standartlara cavab verən yeni kriteriyalar əsasında keçirilən seçim turları nəticəsində yüksək biliyə və mənəvi keyfiyyətlərə malik Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan 16 hüquqşünas muxtar respublikada fəaliyyət göstərən məhkəmələrə hakim vəzifələrinə təyin edilmişdir. Onu da qeyd edək ki, uğur qazanmış hakim­liyə namizədlərin içərisində Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə­sinin aparatında işləmiş 6 hüquqşünas müxtəlif məhkəmə orqanla­rında hakim vəzifələrinə təyin olunmuşdur.

Hazırda muxtar respublikada hakim korpusunun 50%-dən çoxunu yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən muxtar respublikada fəaliyyət göstərən hakimlərə göstərilən yüksək etimadın nəticəsidir ki, peşəkarlıq və hüquqi hazırlıq nümayiş etdirən 4 hakim Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, 5 hakim məhkəmə sədri vəzifəsinə irəli çəkilmiş, habelə 1 hakim Məhkəmə Hüquq Şurasının, 1 hakim isə Hakimlərin Seçki Komitəsinin üzvü seçilmişdir. Əvvəllər muxtar respublikamızın məhkəmə orqanlarında fəaliyyət göstərmiş 3 hakim hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsində, 6 hakim isə ölkəmizin digər regionlarının müxtəlif məhkəmə orqanlarında hakimlik fəaliyyətlərini davam etdirirlər.

Müqayisə üçün onu da qeyd edək ki, əgər 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədr və müavindən başqa, 3 hakim və 11 məhkəmə aparatı işçisindən ibarət olmuşdursa, hazırda ştat cədvəlinə uyğun olaraq hakimlərin sayı 5 dəfə artırılaraq 14 nəfər,  məhkəmə aparatı işçilərinin sayı isə 6 dəfə artırılaraq 71 nəfər olmuş,  beynəlxalq təcrübəyə uyğun olaraq hər bir hakim üçün köməkçi ştatı müəyyən olunmuşdur.

Məhkəmə hakimiyyətinə göstərilən diqqət və qayğının digər nümunəsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin və məhkəmə işçilərinin əməyinin yüksək qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, ötən dövr ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamları, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məh­kəməsinin hakimləri və dövlət qulluqçuları fəxri adlar və medallarla təltif edilmişdir.

Bütün bunlarla yanaşı, ötən illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilərək Naxçıvan Muxtar Respublikasının Ali Məh­kəməsi 3-cü kateqoriya dövlət orqanları sırasından 2-ci kateqoriya dövlət orqanları sırasına qaldırılmışdır. Bu isə Ali Məhkəmədə çalışan dövlət qulluqçularının maddi təmi­natının artması və onlara daha yüksək ixtisas dərəcələrinin verilməsi ilə nəticə­lənmişdir.

Görülmüş işlərin nəticəsidir ki, muxtar respublikamızda insan hüquq və azadlıqlarının daha səmərəli və keyfiyyətli şəkildə təmin olunmasına əlverişli şərait yaranmışdır. Təkcə bir fakta nəzər salmaq kifayətdir ki, ötən ilin birinci yarısı ilə müqаyisədə 2015-ci ilin birinci yarısında muxtar respublikanın şəhər və rayon məhkəmələri tərə­findən bахılmış mülki işlərin sayında 30% artım olmuşdur. Bu statistik göstərici isə onu deməyə əsas verir ki, əhalinin məhkəmə orqanlarına və ədalət mühakiməsinin obyektiv şəkildə həyata keçirilməsinə inamı gün keçdikcə daha da artmaqdadır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ədalət mühakiməsi ilə yanaşı, əhali arasında hüquqi maarifləndirmə işinin gücləndi­ril­məsinə, hakimlərin, məhkəmə işçi­lərinin ixtisaslarının artırılmasına yönələn tədbirlər də həyata keçirir. Bu məqsədlə Azərbaycan Respub­lika­sının Prezidenti cənab İlham Əliyevin adı çəkilən fərmanlarını və Naxçı­van Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun məhkə­mə orqanlarına ünvanladığı tövsiyələrini fəaliyyətində rəhbər tutan Naxçı­van Muxtar Respublikasının Ali Məhkəməsi 2006-cı ildən bu günədək muxtar respublikanın məhkəmə və hüquq-mühafizə orqanları arasında ilk və yeganə hüquqi mətbu nəşr olan Bülletenini nəşr etdirir.

Muxtar Respublikamızda məhkəmə hakimiyyəti orqanlarının fəaliyyə­tində informasiya təminatının həyata keçirilməsinin təkmilləşdirilməsi, eləcə də məhkəmələrdə yeni informasiya-komunikasiya texnologiyalarının geniş tətbiqi istiqamətində də mühüm işlər görülmüşdür. Belə ki, Naxçıvan Muxtar Respubli­kası Ali Məclisinin Sədri tərəfindən imzalanan 15 iyul 2011-ci il tarixli “Nax­çıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər gös­tərməsinin təşkili haqqında” fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Ali Məhkə­mədə hər il görü­ləcək işlərə dair tədbirlər planı təsdiq edilərək icra olunur.

Əhalinin müraciət etmək hüququnun daha da asanlaşdırılması məqsə­di­lə elektron xidmətlər göstərilməsi üçün Ali Məhkəmənin internet saytının “Müraciətlər” bölməsindən istifadə etmək­lə vətəndaşlar öz ərizə və şikayətlərini istənilən vaxt elektron formada göndərmək imkanına malikdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında  Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində də müəyyən işlər görmüşdür. Ədalət mühakiməsinin daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsi, aşkarlıq və operativliyin təmin edilməsi məqsədilə 2014-cü ildə məhkəməyə daxil olan işlərin hakimlər arasında bərabər bölgüsünü müəyyən edən “Məhkəmə idarəetmə sistemi” proqram təminatı hazırlanaraq tətbiq olunmağa başlamışdır.

Bundan başqa, Ali Məhkəmənin Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən rəsmi internet saytı 2015-ci ildə xüsusi proqramlaşdırma dilində müasir standartlar səviyyəsində yenidən hazırlanmış, istifadəçilərin rahatlığını təmin etmək üçün mobil cihazların tələblərinə uyğunlaş­dırıl­mış, saytda yayımlanan məlumatlardan istifadəni asanlaşdırmaq məqsədilə vahid axtarış sistemi qurulmuş, sayt Azərbaycan Respublikasının elektron məhkəmə sisteminin vahid portalına inteqrasiya edilmişdir.

Bu il həmçinin Azərbay­can Respublikası Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində həmin informasiya sisteminin Naxçıvan Muxtar Respublika­sı Ali Məclisi Sədrinin dəstəyi ilə muxtar respublikada fəaliyyət göstərən məhkəmələrdə tətbiqini təmin etmək üçün mövcud məhkəmələrin inzibati binalarında müvafiq infrastrukturun qurul­ması işinə başlanılmış, hazırda bu sahədə işlər davam etdirilmək­dədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri demişdir: “Müstəqil ölkədə hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğunun həyata keçirilməsi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi vacib şərtdir”. Bu tövsiyyələri fəaliyyətində rəhbər tutan Ali Məhkəmə beynəlxalq qurumlar və dövlət orqanları ilə əlaqələrini, onlarla təcrübə mübadiləsi aparılması işini daimi diqqət mərkəzində saxlayır, hаkimlərin pеşə vərdişlərinin аrtırılmа­sı, onların hüquqi biliklərinin daha da möhkəmlən­dirilməsi istiqamətində bir sıra tədbirlər yerinə yetirir.

Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, ixtisaslaşdırılmış, rayon (şəhər) məhkəmələrinin hakimləri Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyənin ayrı-ayrı məhkəmə orqanla­rında ezamiyyətdə olmuş, təcrübə mübadiləsi aparmışlar.

2007-ci ildə Avropa Şurası Baş Katibinin ölkəmizdəki xüsusi nümayəndəsi Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində olmuşdur.

2011-ci ildə Naxçıvan Muxtar Respublikasının hakimləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqinin aktual məsələləri” mövzusunda seminar keçirilmiş, Azərbaycan Respublikasının Avropa İnsan Hüquqları Məhkəməsindəki hakimi Xanlar Hacıyev həmin seminarda iştirak edərək hakimləri maraqlandıran suallara aydınlıq gətirmişdir.

2013-cü ildə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Ko­missarlığı və Almaniya Fede­ral Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatlarına həsr olunmuş bey­nəlxalq seminar keçirilmişdir.

2013 və 2015-ci illərdə isə Naxçıvan şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Almaniya Bey­nəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məhkəmələ­rin hakimləri üçün müxtəlif hüquqi mövzulara həsr olunmuş seminarlar keçirilmişdir.

Keçirilmiş seminarın nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə ünvanlanmış minnətdarlıq məktublarında seminarların təşkili, ədliyyə sistemində inkişafın əldə olunması, muxtar respublikada fəa­liyyət göstərən hakimlərin peşə­karlıq səviyyəsi yüksək qiymətləndirilmiş, bü­tün bu nailiyyətlərin gərgin əməyin sayəsində əldə olunması xüsusi olaraq vurğulanmışdır. Məktubda Naxçıvan Muxtar Respublikası ilə yaxından tanış olmaq, onun gözəl mənzərələrindən və mehriban insanlarından xoş təəssüratlar almaq imkanı üçün yaradılmış şəraitə və göstərilmiş köməyə görə muxtar respublika rəhbərliyinə dərin minnətdarlıq bildirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Dövlət Universiteti ilə əlaqələrini də daimi diqqət mərkəzində saxlayır, hüquqşünaslıq ixtisasının tələbələrinin peşəkar hüquqşünas kimi yetişməsində yaxından iştirak edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan 27 iyul 2015-ci il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın­dan irəli gələn vəzifələrin icrası ilə bağlı Ali Məhkəmədə 2015-ci ildə görüləcək işlərə dair tədbirlər planı təsdiq edilərək müəyyən işlər görülmüşdür.

Qeyd edək ki, təkcə son beş ildə, yəni 2010-2015-ci illərdə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirən 26 hüquqşünas Ali Məhkəmənin aparatında, 55 hüquqşünas isə muxtar respub­li­kanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrində müvafiq inzibati vəzifələr üzrə işə qəbul edilmişdir.

Ötən dövr ərzində Naxçıvan Dövlət Universitetində hüquq fakültəsinin tələbələrinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri ilə görüşü təşkil edilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Bundan başqa, beynəlxalq və ölkə miqyaslı əlamət­dar günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kolle­giya sədrləri və hakimlərinin iştirakı ilə Naxçıvan Dövlət Univer­sitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün hüquqi tədbirlər və konfranslar keçirilmişdir.

Ali Məhkəmənin nəşri olan Bülletenin ötən nömrələrində hüquq elminə marağın daha da artırılması və hüquqi biliklərin möhkəmləndirilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasında təhsil alan tələbələrin məqalələ­rinə yer verilmişdir.

Bununla yanaşı, hazırda Ali Məhkəmənin 2 hakimi və 3 dövlət qulluqçusu Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasında müxtəlif hüquq sahələri üzrə pedaqoji fəaliyyətlər göstərir.

Ali Məhkəmədə keçirilən açıq məhkəmə iclaslarında hüquqşünaslıq ixtisasında təhsil alan tələbələrin iştirakı təmin edilir, onların Ali Məhkəmədə, muxtar respublikada fəaliyyət göstərən digər məhkəmələrdə istehsalat təcrübəsi keçməsinə geniş şərait yaradılır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını göstərən başqa bir amil də məhkəmədə zəngin hüquq ədəbiyyatı ilə təchiz olunmuş kitabxananın fəaliyyət göstərməsidir. Bununla məhkəmə­də fəaliyyət göstərən hakimlər, aparat işçiləri, hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr müxtəlif sahələrə aid qa­nunvericilik və hüquq ədəbiyya­tına olan tələbatını ödəyirlər.

Göründüyü kimi həm qanunvericiliyə gətirilən yeniliklər, həm də məhkəmələrin maddi təminat məsələlərinə göstərilən diqqət və qayğı, o cümlədən hakim­lərin, məhkəmə işçilərinin iş şəraitinin müasir tələblər səviyyəsinə çatdırıl­ması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən ədalət mü­hakiməsinin həyata keçirilməsi üzrə vəzifələrinin keyfiyyətlə yerinə yetiril­məsinə, insan hüquq və azadlıqlarının səmərəli şəkildə qorunmasına xidmət edir. Şübhə yoxdur ki, görülən bu işlər muxtar respubli­kada bütün məhkəmə orqanlarının sürətlə inkişaf etdirilməsinə böyük təkan vermiş və nəticədə muxtar respublikada insan hüquq və azadlıq­larının daha möhkəm təminatı üçün əlverişli zəmin yaratmışdır.